brightness_1
Əsnədikdə onu boğmaq və ya qarşısını almaq.
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Allah (Öz qullarının) asqırmağını sevir, əsnəməklərini isə xoşlamır. Sizdən biriniz asqırdıqdan sonra Allaha həmd edərsə («Əlhəmdulilləh» deyərsə), ona rəhmət diləmək («Yərhəmukəllah» demək), bunu eşidən hər bir müsəlmana vacibdir. Əsnəməyə gəlincə, heç şübhəsiz ki, bu, şeytandandır (şeytan əsnəməyi xoşlayar). Odur ki, qoy, sizdən biri əsnəmək istədikdə bacardığı qədər onun qarşısını alsın. Çünki o əsnəyib: «Haaah» – dedikdə şeytan ona gülür” (əl-Buxari: 2663).
Başqa hədisdə Əbu Səid (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Qoy, sizdən biri əsnədiyi zaman əlini ağzına tutsun. Yoxsa şeytan onun ağzına girə bilər” (Müslim: 2995).
Bundan da aydın olur ki, əsnəməyin qarşısı aşağıdakı yollarla alınır:
- əsnədikdə ağıza hakim olub onu açmamalı;
- ya əsnəməyi boğub saxlamalı;
- ya da əsnədikdə əl ilə ağız örtülməlidir.