brightness_1
Asqırıb Allaha həmd etməyənə rəhmət diləməmək.
Əgər bir kəs asqırıb Allaha həmd etməzsə («Əlhəmdulilləh» deməzsə), o halda ona rəhmət diləməmək («Yərhəmukəllah» deməmək) sünnədir. Ənəs (Allah ondan razı olsun) rəvayət edir: “İki nəfər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında asqırdı. Peyğəmbər onlardan birinə rəhmət dilədi, digərinə isə rəhmət diləmədi. (Rəhmət diləmədiyi adam) dedi: “Nəyə görə ona rəhmət dilədin, mənə isə diləmədin?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “O, Allaha həmd etdi, sən isə Ona həmd etmədin” (əl-Buxari: 6225). Başqa bir hədisdə isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: “Sizdən biriniz asqırıb Allaha həmd etsə ona rəhmət diləyin. Yox əgər Allaha həmd etməsə, o halda ona rəhmət diləməyin” (Müslim: 2992).
Lakin atanın oğluna, müəllimin tələbələrinə və buna oxşar hallarda təlim məqsədilə bu zikrləri bilməyən insanlara xatırlatması daha gözəldir.
Əgər insan təkrar-təkrar asqırdıqda onun üçün yalnız üç dəfə rəhmət dilənir və bundan artıq asdqırdıqda isə artıq ona rəhmət dilənmir.
Əbu Hureyradan (Allah ondan razı olsun) hədisdə deyilir: “(Din) qardaşın (asqırdıqda) üç kərə ona rəhmət dilə! Bundan artıq asqırarsa (bil ki,) artıq onu zökəm tutub” (Əbu Davud: 5034; əl-Albani hədisə ‘‘həsən moquf və mərfu’’ demişdir: «Sahihu Əbi Davud», 4/308).
Sələmə ibn Əkva (Allah ondan razı olsun) rəvayət edir: “(Bir dəfə) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında ikən bir nəfər asqırdı və Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona: «Yərhəmukəllah» – dedi: Adam bir də asqırdıqda Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Bu adamı zökəm tutub” (Müslim: 2993).
Nəticə budur ki, iki halda insana asqırdıqda rəhmət dilənmir:
1.Asqırıb Allahı həmd etmədikdə;
2.Üç kərədən artıq asqırdıqda.