languageIcon
search
search
brightness_1 Salam vermək.

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Müsəlmanın müsəlman üzərində altı haqqı vardır. Soruşdular: “Nədir onlar?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Müsəlmanla rastlaşdığın zaman ona salam ver, səni dəvət etdikdə dəvətini qəbul et, nəsihət istədikdə ona nəsihət ver, asqırıb («Əlhəmdulilləh» deyərək) Allahı həmd etdikdə ona rəhmət dilə, xəstələndikdə onu ziyarət et və öldükdə dəfnində iştirak et” (Müslim: 2162).

Bilməliyik ki, salamı qaytarmaq vacibdir. Hətta bu xüsusda, Uca Allah buyurur:

‘‘Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır ’’ (ən-Nisa: 86).

Gördüyümüz kimi ayədə salamı qaytarmaq əmr formasında gəlmişdir. Biz də bilirik ki, şəri dəlillərdə işlənən əmr ifadələri vacibliyə dəlalət etməkdədir. Buna görə də bir çox alimlər salamı almağın vacibliyi qənaətində həmfikir olublar. İbn Həzm, İbn Abdul-Bərr, Şeyx Təqiyuddin və sair alimləri buna misal çəkmək olar (Bax: «əl-Ədəbul əş-Şəri’ə», 1/356).

Salam verib-almağın ən əfzəl və kamil tərzi: «Əssələmu aleykum va rahmətullahi va bərakətuhu» (Allahın salamı, rəhməti və bərəkəti sizin üzərinizə olsun!) – deməkdir.

İbn Qayyim (Allah ona rəhmət etsin) öyləmişdir: ‘‘Peyğəmbər (salləllahu aleyhi və səlləm) salamı «…va bərakatuhu» ifadəsi ilə bitirərdi’’ (Bax:

«Zadul-Məad», 2/417).

Salamı yaymaq.

Dinimizdə salamı yaymaq böyük fəziləti qazanmaq üçün ona təşviq edilmiş sünnə bir əməldir. Əbu Hureyradan rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Canım Əlində olan (Allaha) and olsun ki, iman gətirmədikcə Cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də həqiqi iman gətirmiş sayılmazsınıız. Elə isə sizi bir şeyə yönəldimmi ki, onun sayəsində bir-birinizi sevəsiniz?! Aranızda salamı yayın!” (Müslim: 54).

brightness_1 Evə daxil olduqda salam vermək.

Həmçinin evə girdikdə ev əhlini bildiyimiz salam forması ilə salamlamaq sünnədir.

Habelə salamdan öncə misvakdan istifadə etmək müstəhəbdir (Bu da misvakın əvvəlki bölümlərdə qeyd etdiyimiz dördüncü istifadə yeridir). Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) evə daxil olduqda ilk əvvəl misvakla dişlərini təmizləyərdi” (Müslim:253).

Bəzi alimlər hər hansı bir evə, hətta boş ev olsa da belə, ora daxil olduqda salam verməyin sünnə olduğunu bildiriblər və dəlil olaraq da növbəti ayəni gətiriblər:

‘‘Evlərə daxil olduğunuz zaman özünüzü (bir-birinizi, qohum-əqrabanızı, dostlarınızı və dindaşlarınızı) Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın. Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız!’’ (ən-Nur: 61)

İbn Həcər (Allah ona rəhmət etsin) söyləmişdir: «Salamı yaymağa həmçinin, boş evə girdikdə salam vermək də salamı yaymaq qisminəndir. Uca Allah buyurur: ‘‘Evlərə daxil olduğunuz zaman özünüzü Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın!..’’ (ən-Nur: 61) (Bax: «Fəthul-Bari», Salamı yaymaq bölümü, hədis 6235).

Fayda: Yuxarıda qeyd edilənlərdən çıxan nəticə budur ki, evə daxil olduqda edilən üç sünnə əməl vardır:

Birinci: Allahın adını zikr etmək, xüsusən də gecə düşdükdə.

Rəvayət edilir ki, Cabir ibn Abdullah Peyğəmbərin belə dediyini eşitdi: “Evinə girən adam içəri daxil olduqda və yeməyə başladıqda Allahı zikr edərsə, şeytanlar deyərlər: “Sizin nə gecələməyə yeriniz, nə də şam yeməyiniz var!” Yox əgər evə daxil olduqda və yeməyə başladıqda Allahın adını zikr etməyərsə, şeytanlar deyər: “Budur qalmağa yeriniz və budur yeməyə şam yeməyiniz” (Müslim: 2018).

İkinci: Misvakdan istifadə etmək.

Üçüncü: Ev əhlinə salam vermək.