Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Müsəlmanın müsəlman üzərində altı haqqı vardır. Soruşdular: “Nədir onlar?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Müsəlmanla rastlaşdığın zaman ona salam ver, səni dəvət etdikdə dəvətini qəbul et, nəsihət istədikdə ona nəsihət ver, asqırıb («Əlhəmdulilləh» deyərək) Allahı həmd etdikdə ona rəhmət dilə, xəstələndikdə onu ziyarət et və öldükdə dəfnində iştirak et” (Müslim: 2162).
Bilməliyik ki, salamı qaytarmaq vacibdir. Hətta bu xüsusda, Uca Allah buyurur:
‘‘Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır ’’ (ən-Nisa: 86).
Gördüyümüz kimi ayədə salamı qaytarmaq əmr formasında gəlmişdir. Biz də bilirik ki, şəri dəlillərdə işlənən əmr ifadələri vacibliyə dəlalət etməkdədir. Buna görə də bir çox alimlər salamı almağın vacibliyi qənaətində həmfikir olublar. İbn Həzm, İbn Abdul-Bərr, Şeyx Təqiyuddin və sair alimləri buna misal çəkmək olar (Bax: «əl-Ədəbul əş-Şəri’ə», 1/356).
Salam verib-almağın ən əfzəl və kamil tərzi: «Əssələmu aleykum va rahmətullahi va bərakətuhu» (Allahın salamı, rəhməti və bərəkəti sizin üzərinizə olsun!) – deməkdir.
İbn Qayyim (Allah ona rəhmət etsin) öyləmişdir: ‘‘Peyğəmbər (salləllahu aleyhi və səlləm) salamı «…va bərakatuhu» ifadəsi ilə bitirərdi’’ (Bax:
«Zadul-Məad», 2/417).
Salamı yaymaq.
Dinimizdə salamı yaymaq böyük fəziləti qazanmaq üçün ona təşviq edilmiş sünnə bir əməldir. Əbu Hureyradan rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Canım Əlində olan (Allaha) and olsun ki, iman gətirmədikcə Cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də həqiqi iman gətirmiş sayılmazsınıız. Elə isə sizi bir şeyə yönəldimmi ki, onun sayəsində bir-birinizi sevəsiniz?! Aranızda salamı yayın!” (Müslim: 54).
Əgər insan salam verdiyi şəxsin onun salamını eşitmədiyini zənn etsə, o halda bir daha salamını ikinci dəfə, onu da eşitməsə üçüncü dəfə təkrarlaması müstəhəbdir. Yaxud da bir məclisə daxil olan insan salam verdikdə salamını yalnız yaxında olan eşidərsə, həmçinin onun da salamını ikinci və ya üçüncü dəfə təkrarlamasına ehtiyac vardır.
Rəvayət edilir ki, Ənəs (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir şeyi anlatdıqda onu üç dəfə təkrar edərdi ki, onu yaxşı qavrasınlar. Həmçinin bir topluma salam verdikdə (onu eşitmədiyini hiss etdikdə) salamını üç dəfə təkrar edərdi” (əl-Buxari: 95).
Hədisdən çıxan nəticə budur ki, əgər ehtiyac duyularsa deyilənləri iki və ya üç dəfə təkrar etmək sünnədir. Məsələn, insan bir şey anlatdıqda dinləyicilərin onu anlamadığını hiss edərsə, o halda dediklərini ikinci, yaxud da üçüncü dəfə təkrarlaması sünnədir.
Abdullah ibn Amr (Allah ondan və atasından razı olsun) rəvayət edir ki, bir nəfər Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdu: “Ya Rəsulullah, İslam (xislətlərindən) ən xeyirlisi hansıdır?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: “Yemək yedirtməyin, bir də ki, tanıdığına və tanımadığına salam verməyin” (əl-Buxari: 12; Müslim: 39).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir:“Minik üstə olan kəs piyadaya, piyada oturana və az sayda olan toplum çox sayda olanlara salam verməlidir”(əl-Buxari: 6233; Müslim: 2160).
Digər rəvayətdə isə deyilir: “Kiçik böyüyə, piyada oturana və az sayda olan toplum çox sayda olanlara salam verməlidir” (əl-Buxari: 6234).
Lakin elə anlaşılmamalıdır ki, bunun əksi, məsələn, böyüyün kiçiyə, oturanın piyadaya salam verməsi məkruhdur. Sadəcə olaraq sünnədə göstərilən daha üstün əməldir.
Rəvayət edilir ki, (bir dəfə) Ənəs ibn Malik (Allah ondan razı olsun) bir dəstə uşağın yanından keçərkən onlara salam verdi və dedi: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə edərdi” (əl-Buxari: 6247; Müslim: 2168).
Uşaqlara salam verməyin hikməti insanın özündə təvazökarlığı tərbiyə etməsi və uşaqların salama vərdiş edilməsidir.
Həmçinin evə girdikdə ev əhlini bildiyimiz salam forması ilə salamlamaq sünnədir.
Habelə salamdan öncə misvakdan istifadə etmək müstəhəbdir (Bu da misvakın əvvəlki bölümlərdə qeyd etdiyimiz dördüncü istifadə yeridir). Aişə (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) evə daxil olduqda ilk əvvəl misvakla dişlərini təmizləyərdi” (Müslim:253).
Bəzi alimlər hər hansı bir evə, hətta boş ev olsa da belə, ora daxil olduqda salam verməyin sünnə olduğunu bildiriblər və dəlil olaraq da növbəti ayəni gətiriblər:
‘‘Evlərə daxil olduğunuz zaman özünüzü (bir-birinizi, qohum-əqrabanızı, dostlarınızı və dindaşlarınızı) Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın. Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız!’’ (ən-Nur: 61)
İbn Həcər (Allah ona rəhmət etsin) söyləmişdir: «Salamı yaymağa həmçinin, boş evə girdikdə salam vermək də salamı yaymaq qisminəndir. Uca Allah buyurur: ‘‘Evlərə daxil olduğunuz zaman özünüzü Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın!..’’ (ən-Nur: 61) (Bax: «Fəthul-Bari», Salamı yaymaq bölümü, hədis 6235).
Fayda: Yuxarıda qeyd edilənlərdən çıxan nəticə budur ki, evə daxil olduqda edilən üç sünnə əməl vardır:
Birinci: Allahın adını zikr etmək, xüsusən də gecə düşdükdə.
Rəvayət edilir ki, Cabir ibn Abdullah Peyğəmbərin belə dediyini eşitdi: “Evinə girən adam içəri daxil olduqda və yeməyə başladıqda Allahı zikr edərsə, şeytanlar deyərlər: “Sizin nə gecələməyə yeriniz, nə də şam yeməyiniz var!” Yox əgər evə daxil olduqda və yeməyə başladıqda Allahın adını zikr etməyərsə, şeytanlar deyər: “Budur qalmağa yeriniz və budur yeməyə şam yeməyiniz” (Müslim: 2018).
İkinci: Misvakdan istifadə etmək.
Üçüncü: Ev əhlinə salam vermək.
Rəvayət edilir ki, Miqdad ibn Əsvəd (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) gecə vaxtı gəlib salam verərkən səsini qaldırıb yatanları oyatmaz, lakin asta səslə onu oyaq qalanlara eşitdirərdi” (Müslim: 2055).
Bir şəxsin salamını digərinə çatdırmaq sünnədir.
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, (bir zaman) Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona demişdir: “Ey Aişə! Cəbrail sənə salam söyləyir.” Aişə də cavabında demişdir: “Ona salam olsun, Allahın rəhməti və bərəkəti ona yetişsin!” (əl-Buxari: 3117; Müslim: 2447).
Həmçinin bu hədisdən aydın olur ki, salamı çatdırmaqla yanaşı, kiməsə salam göndərmək də sünnə əməldir.
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Sizdən hər biriniz məclisə gəldiyi zaman salam versin. Məclisdən durub getdikdə də salam versin. Bilsin ki, onun əvvəlki salamı sonuncu salamdan heç də üstün deyildir” (Əhməd: 9664; Əbu Davud: 5208; ət-Tirmizi: 2706; əl-Albani hədisi səhih hesab etmişdir (bax: «Sahihul-Cami», 1\132).
Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və
səlləm) ona belə demişdir: “(Dində) heç bir yaxşı işə səhlənkar yanaşma, hətta (müsəlman) qardaşını gülərüzlə qarşılamağı belə!” (Müslim: 2626). Başqa hədisdə isə deyilir: “(Sənin) müsəlman qardaşına təbəssüm etmən sədəqədir” (ət-Tirmizi: 1956; əl-Albani hədisi ‘‘səhih’’ hesab etmişdir: «əs-Sahiha», 572).
İstər görüş anında, istər məclisdə, istərsə də hər hansı bir yerdə bir gözəl sözün deyilməsi sünnə əməldir.
Əbu Hureyra (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: “Gözəl söz sədəqədir” (əl-Buxari: 2989; Müslim: 1009).
Bilmək lazımdır ki, müsəlmanların əksər danışıqları gözəl və ya xoş sözlərdən ibarətdir. Əgər bunu hesablamaq istəsələr, nə qədər böyük savab əldə etdiklərini görərlər.
İbn Useymin (Allah ona rəhmət etsin) söyləmişdir: ‘‘Necəsən?’’, ‘‘Kefin necədir?’’, ‘‘Qardaşların necədir?’’ ,‘‘Ailən necədir?’’ və bu kimi ifadələr də gözəl (və ya xoş) söz qismindəndir. Çünki bu kəlmələr insana xoş təsir bağışlayır. Bununla da müsəlman dediyi hər bir xoş sözə görə Allah dərgahında savab və əcr qazanır» (Bax: «Şərhu Riyadus-Salihin», 2/996).
Zikr məclislərinin fəziləti və onlara təşviq barədə bir çox hədislər vardır. Onlardan birində Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Allahın yollarda dolaşıb Onu zikr edən insanları axtaran mələkləri vardır. Onlar Allahı yad edən camaat gördükləri zaman bir- irilərini çağırıb: ‘‘Axtardığınızın yanına gəlin!’’ – deyirlər. Sonra da onlar bu camaatı öz qanadları ilə dünya səmasınadək əhatəyə alırlar...” (əl-Buxari: 6408; Müslim: 2689).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Kim bir məclisdə oturub orada çoxlu boş söhbətlər edərsə, məclisdən qalxmamışdan öncə: «Subhanakə Allahummə və bihəmdik, əşhədu ən lə iləhə illə ənt, əstəğfirukə və ətubu ileyk» (Allahım Sən pak və müqəddəssən! Sənə kamil həmd olsun! Şahidlik edirəm ki, Səndən başqa haqq məbud yoxdur. Səndən bağışlanma diləyir və Sənə tövbə edirəm!) – deyərsə, məclisdə olan günahları bağışlanar” (ət-Tirmizi: 3433; əl-Albani hədisi ‘‘səhih’’ hesab etmişdir: «Sahihul-Cami», 2/1065).