Əbu Musanın (Allah ondan razı olsun) rəvayət etdyi uzun hədisdə deyilir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) Huneyn döyüşünü başa çatdırdıqdan sonra Əbu Amirin (Allah ondan razı olsun) başçılığı altında Əvtasa qoşun göndərdi. (Döyüşdə) Cuşəmi (deyilən birisi) oxla Əbu Amiri dizindən yaraladı və ox onun dizində ilişib qaldı.Mən oxu dartıb çıxaranda yaradan qanlı çirk axdı. O dedi: “Qardaşoğlu, mənim salamımı Peyğəmbərə (salləllahu aleyhi və səlləm) çatdırarsan və deyərsən ki, mənim üçün bağışlanma diləsin.” Sonra Əbu Amir məni camaata başçı təyin etdi və az müddət keçdikdən sonra vəfat etdi. Mən geri qayıtdıqda gəlib həm bizim, həm də Əbu Amirin başına gələnləri Peyğəmbərə (salləllahu aleyhi və səlləm) danışdım. Onda o, su gətizdirib dəstəmaz aldı, sonra əllərini (göyə) qaldırıb dedi: “Allahım, qulun Əbu Amiri bağışla!” (O, əllərini elə qaldırdı ki,) hətta mən onun qoltuğunun ağlığını gördüm. O davam edib dedi: “Allahım, Qiyamət günü onu yaratdığın insanların bir çoxundan üstün et!” (əl-Buxari: 4323; Müslim: 2498).
Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) ona demişdir: “Bədr döyüşü günü Peyğəmbər (salləllahu aleyhi və səlləm) nəzər saldı. Onların sayı minə, sahəbələrin sayı isə üç yüz on doqquza çatırdı. Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) qibləyə tərəf döndü, əllərini açdı və Rəbbini çağıraraq dedi: “Allahım, mənə verdiyin vədi yerinə yetir! Allahım, məni verdiyin vədə yetişdir! Allahım, əgər bu İslam zümrəsini həlak etsən, yer üzündə (Sənə) ibadət edən qalmaz!” O, əllərini açmış, qibləyə yönəlmiş vəziyyətdə Rəbbini çağırmağa (dua etməyə) davam edirdi. (Duanın şiddətindən) üst libası çiyinlərindən yerə düşdü. (Bunu görən) Əbu Bəkr yaxınlaşıb libası yerdən götürdü və onun çiyninə atdı, sonra arxadan ona sarılıb dedi: “Ey Allahın elçisi, kifayətdir Rəbbinə dua etdin. Şübhəsiz O, sənə vəd etdiyini verəcək…” (Müslim: 1763).
Rəvayət edilir ki, Fədalə ibn Ubeyd (Allah ondan razı olsun) demişdir: “(Bir gün) Peyğəmbər (salləllahu aleyhi və səlləm) aramızda oturmuşdu. Bu an bir kişi daxil olub namaz qıldı və dua etdi: “Allahım, məni bağışla! Allahım mənə rəhm et!” (Bunu görən) Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona dedi: “Ey namaz qılan, tələsdin! Namaz qıldıqdan sonra (dua etməyə başladıqda) Allaha layiqincə həmd et, mənə salavat de, sonra isə dua et!” (ət-Tirmizi: 3476; əl-Albani hədisi ‘‘səhih’’ hesab etmişdir: «Sahihul-Cami», 1/172).
Dua edərkən Uca Allahın gözəl adlarından duaya müvafiq olanı seçilir. Məsələn: Ruzi istədikdə «Ya Rəzzaq» (Ey ruzi verən!), Rəhmət dilədikdə «Ya Rahmən! Ya Rahim!» (Ey Rəhmli! Ey Mərhəmətli!), izzət istədikdə «Ya Aziz!» (Ey izzət sahibi!), bağışlanma dilədikdə «Ya Ğafur!» (Ey Bağışlayan!), şəfa dilədikdə «Ya Şafi!» (Ey şəfa verən!) – deyərək dua edilir.
Bu barədə Uca Allah buyurur: ‘‘Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin!’’ (əl-Əraf: 180).
Az öncə qeyd etdiyimiz İbn Abbasın (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə deyilir: “Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) qibləyə tərəf döndü, əllərini açdı və Rəbbini çağıraraq dedi: “Allahım, mənə verdiyin vədi yerinə yetir! Allahım, məni verdiyin vədə yetişdir! Allahım, əgər bu İslam zümrəsini həlak etsən, yer üzündə (Sənə) ibadət edən qalmaz!” O, əllərini açmış, qibləyə yönəlik vəziyyətdə Rəbbini çağırmağa (dua etməyə) davam edirdi. (Duanın şiddətindən) üst libası çiyinlərindən yerə düşdü. (Bunu görən) Əbu Bəkr yaxınlaşıb libası yerdən götürdü və onun çiyninə atdı, sonra arxadan ona sarılıb dedi: “Ey Allahın elçisi, kifayətdir Rəbbinə dua etdin. Şübhəsiz O, sənə vəd etdiyini verəcək…” (Müslim: 1763).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Dövs qəbiləsi üçün dua edib dedi: “Allahım, Dövs qəbiləsini doğru yola yönəlt və onları (İslam dininə) gətir! Allahım, Dövs qəbiləsini doğru yola yönəlt və onları (İslam dininə) gətir!” (əl-Buxari: 2937; Müslim: 2524).
Başqa bir hədisdə isə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Saçı-saqqalı bir-birinə qarışmış, üst-başı toza bulaşmış, uzun müddət səfərdə olan bir kəs əllərini göyə qaldırıb dua edər: “Ey Rəbim! Ey Rəbbim!” (Müslim: 1015).
Həmçinin duanı üç dəfə təkrarlamaq sünnədir. İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilən hədisdə deyilir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) dua etdikdə və (Allahdan) nəsə istədikdə onu üç dəfə təkrarlayardı. Sonra üç dəfə dedi: “Allahım, Qureyşin cəzasın ver!” (əl-Buxari: 240; Müslim: 1794).
Uca Allah buyurur: ‘‘Rəbbinizə yalvara-yalvara gizlicə dua edin!’’ (əl-Əraf: 55). Çünki gizlin halda dua etmək ixlasa daha yaxındır. Buna görə də izzət və cəlal sahibi Allah Öz kitabında Zəkiriyyə peyğəmbəri mədh edərək buyurmuşdur: ‘‘(Zəkəriyyə) Rəbbinə gizlicə dua edib yalvardığı zaman...’’ (Məryəm: 3).
Sual: Hansı duaları etmək daha yaxşıdır?
Cavab: Dünya və axirət üçün xeyirli olan istənilən duanı etmək olar. Həmçinin Quran və Sünnədə varid olan qısa, lakin çox məna kəsb edən kəlmələrlə dua etmək daha gözəldir. Çünki bu cür dualar dünya və axirət xeyirini özündə cəmləşdirməkdədir.
Əbu Malik Əşcai atasının (Allah ondan və atasından razı olsun) belə dediyini rəvayət edir: “(Bir gün) bir nəfər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın elçisi, Rəbbimə onunla dua edəcəyim kəlmələri öyrət?” Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “De: «Allahumməğfir li, vərhəmni, və a`fini, vərzuqni» (Allahım! Məni bağışla, mənə rəhm et, məni doğru yola yönəlt, mənə salamatlıq və ruzi ver). Sonra (bu dörd kəlməyə işarə edərək) baş barmağından başqa digər barmaqların birşədirib dedi: “Bunlar sənin üçün dünyanı və axirətini cəm edər” (Müslim: 2697).
Başqa rəvayətdə isə deyilir: “Bir kimsə İslamı qəbul etdikdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona namaz qılmağı öyrədər, sonra əmr edərdi ki, bu kəlmələrlə (Allaha) dua etsin: «Allahumməğfir li, vərhəmni, və a`fini, vərzuqni» (Allahım! Məni bağışla, mənə rəhm et, məni doğru yola yönəlt, mənə salamatlıq və ruzi ver!)” (Müslim: 2697).
Fayda: Adamın yanında olmayan mömin qardaşı üçün dua etməsi böyük fəzilətə malik sünnə əməllərdəndir. Həmçinin həmin dua Allahın izni ilə qəbul olan duadır. Əbud-Dərda
(Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: “Müsəlman bəndənin yanında olmayan qardaşı üçün etdiyi dua qəbuldur. Dua edən adamın başı üzərində təyin olunmuş bir mələk vardır. Adam hər dəfə qardaşı üçün dua edib xeyir dilədikdə mələk də deyər: “Amin, sənə də onun on misli qədər yetişsin!” (Müslim: 2733).