Namaz qılanın iki səcdə arasında oturarkən sol ayağını yerə yatırdıb onun üzərində oturması və sağ ayağının pəncəsini dik (şaquli) vəziyyətdə tutması sünnə əməllərdəndir.
Əbu Humeyd əs-Saididən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə deyilir: “…İkinci rükətdə oturanda sol ayağının üstündə oturar və sağ ayağının pəncəsini şaquli vəziyyətdə tutardı…” (əl-Buxari: 828).
İki səcdə arası oturuşu uzatmaq.
Yuxarıda qeyd etdiyimiz Sabit əl-Bunəninin (Allah ondan razı olsun) rəvayətində deyilir: “…habelə iki səcdə arasında o qədər çox oturardı ki, bəziləri deyərdilər: “O, (ikinci səcdəni) unudub” (əl-Buxari: 821; Müslim: 472).
İkinci ya da üçüncü rükətə qalxmamışdan əvvəl azacıq oturub sonra qalxmaq.
Bu oturuş ‘‘Cilsətul-istirahə’’ (İstirahət oturuşu) adlanır və həmin halda heç bir zikr oxunmur.
Bu əmələ dəlil olaraq aşağıdakı üç hədisi qeyd etmək olar:
Malik ibn Huveyris əl-Leysidən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə deyilir: “O, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) necə namaz qıldığını görmüşdür. O (salləllahu aleyhi və səlləm), qıldığı namazın tək rükətlərində (ikinci səcdədən sonra) oturub qəddini düzəltməyincə ayağa qalxmazdı” (əl-Buxari: 823). Bu hədisi rəvayət edən sahəbə eyni zamanda Peyğəmbərin (salləllahu aleyhi və səlləm) digər ifadəsini də nəql etməkdədir: “Mənim necə namaz qıldığımı gördüyünüz kimi siz də elə namaz qılın” (əl-Buxari: 631).
Lakin alimlər bu əməlin, yəni istirahət oturuşunun sünnə olmasında fikir ayrılığına düşüblər. Doğru bildiyimiz rəy onun qəti şəkildə sünnə olmasıdır. Malik ibn Huveyrisin rəvayəti də buna dəlildir. Bu əmələ mütləq şəkildə sünnə deyən alimlərdən ən-Nəvəvi, Şovkani, İbn Bəzz və əl-Albanini (Allah onların hamısına rəhmət etsin) və s. misal çəkmək olar. Həmçinin ‘‘Elmi Araşdırmalar və Fitva Komissiyası’’ da bu rəyə üstünlük vermişdir (Bax: «Fətavə və məqalət mutənavvəa», 11/99; «Fətavəlləcnətil-daimə», 6/445).
İmam Nəvəvi (Allah ona rəhmət etsin) söyləmişdir: ‘‘Hədislərin də dəlalət etdiyi doğru olan görüş də budur’’ (Bax: «əl-Məcmu», 3/441).
Əlaqə saxla
Bizimlə
Hər vaxtı sizin sullarınızı cavablandırmağa hazırıq