Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Əgər insanlar namaza onun ilk vaxtında getməyin (nə qədər xeyirli) olduğunu bilsəydilər, onu yerinə yetirmək üçün bir-birini ötüb keçməyə çalışardılar” (əl-Buxari: 615; Müslim: 437).
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: “Bir kişinin məsciddə və ticarət məkanında (iş yerində) qıldığı camaat namazı iyirmi və ondan artıq dərəcə üstündür. Kim ki, gözəl şəkildə dəstəmaz alıb namaz üçün məscidə gələrsə atdığı hər bir addımla bir dərəcə yüksələr və bir günahı silinər. Bu da məscidə girənədək davam edər. Əgər onu məsciddə məhz namaz saxlayırsa, oradan çıxana qədər ona namaz savabı yazılar. Namaz qıldığı yerdə olduğu və heç kimə əziyyət vermədiyi müddətcə, həmçinin, dəstəmazı pozulmadıqca mələklər onun üçün dua edib deyərlər: “Allahım! Ona rəhm et! Onu bağışla! Onun tövbəsini qəbul et!” (Müslim: 649).
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Namaz üçün iqaməni eşitdikdə
namaza sakit və vüqarla gedin, tələsməyin. Hansı rükətə çatsanız (onu imamla birgə) qılın, buraxdıqlarınızı isə (imam salam verib namazı bitirdikdən sonra fərdi şəkildə) tamamlayın” (əl-Buxari: 636; Müslim: 602).
İmam Nəvəvi (Allah ona rəhmət etsin) söyləmişdir: «Sakit şəkildə getməkdə məqsəd tələsmədən aramla getmək və boş şeylərdən (oyun, əyləncə və s.) uzaq durmaqdır. Vüqarla getməkdə isə məqsəd gözü yerə dikib, səsi qısıb, sağa-sola boylanmadan yol getməkdir» (Bax: «Şərhul-Müslim», 602; Namaza vüqarlı və sakitcə getməyin müstəhəbliyi, qaçaraq getməyin qadağan olması haqqında fəsil).
Əbu Humeyd (və ya Əbu Useyd) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Sizdən biriniz məscidə girərkən desin: «Allahummə iftəh li əbvabə rahmətikə» (Allahım! Öz mərhəmət qapılarını mənim üçün aç!).
Çıxarkən isə desin:
«Allahummə inni əsəlukə min fadlikə» (Allahım! Sənin lütfündən diləyirəm!” (Müslim: 713).
Namaz başlamazdan əvvəl erkən məscidə daxil olan şəxs oturmamışdan əvvəl iki rükət namaz qılması sünnədir. Əbu Qatədədən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) deyib: “Sizdən biriniz məscidə daxil olanda oturmamışdan əvvəl iki rükət namaz qılsın” (əl-Buxari: 1163; Müslim: 714).
Fərzdən əvvəl qılınan sünnələr salam namazının əvəzinə keçərlidir. Fəcrdən və zöhdən əvvəl qılınan sünnə namazlarını buna misal çəkmək olar. Hətta məsciddə qılınan duha, vitr və fərz namazları da bu qəbildəndir. Salam namazında məqsəd, məscidə daxil olduqda oturmazdan əvvəl namaz qılmaqdır. Çünki bildiyimiz kimi məscidlər ibadətdən başqa bir şeylə abadlaşmaz.
Kişilərin ilk səfdə yer tutmağa səy göstərmələri sünnədir. Çünki ilk səf ən əfzəl səfdir. Qadınlar üçün isə ən əfzəl səf sonuncudur.
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Kişilər üçün ən xeyirli (savablı və
fəzilətli) səf ilk səfdir, ən şərlisi (savabı və fəziləti az olan) isə sonuncu səfdir. Qadınlar üçün ən xeyirlisi sonuncu səfdir, şərlisi (fitnədən uzaq olanı) isə ilk səfdir” (Müslim: 449).
Lakin bu hədis kişi və qadın səflərini ayıran divar və buna oxşar maneələri olmayan məscidə aiddir. Ona görə də qadınlar yad kişi gözlərindən uzaq olsun deyə onlar üçün xeyirli səf sonuncu səf sayılır. Lakin günümüzdə məscidlərdə olduğu kimi onları ayıran divar və başqa maneə olarsa o halda qadınlar üçün əfzəl səf ilk səf hesab olunur. Çünki beləcə, qadınlar yad gözlərdən uzaq qalmış sayılırlar.
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Əgər insanlar azan verməyin və
namazda birinci sırada (durmağın nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər və buna nail olmaq üçün püşk atmaqdan başqa bir çarə tapmasaydılar, hökmən püşk atardılar. Həmçinin, əgər onlar işa və sübh namazlarını (camaatla birgə) qılmağın (nə qədər xeyirli və bərəkətli) olduğunu bilsəydilər, bu namazları qılmaq üçün dizləri üstündə sürünə-sürünə də olsa (məscidə) gələrdilər” (əl-Buxari: 615; Müslim: 437).
Qeyd etdiyimiz kimi namaza düzüldükdə məmum üçün ən əfzəl səf ilk səfdir. İlk səfdə də imama sağ və ya sol hissədən yaxın durmaq daha fəzilətlidir.
Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə dedi: “Sizlərdən yetkinlik yaşına çatan və ağıl sahibləriniz (namazda) mənə yaxın dursun!” (Əbu Davud: 674; ət-Tirmizi: 228). Bu hədis imama hansı tərəfdən yaxın durulmasının fərqi olmadığına dəlildir.