Azan vaxtı müəzzinin dediklərini təkrar etmək sünnədir. Yalnız müəzzin «Həyyə aləs-saləh» (Namaza tələsin!) və «Həyyə aləl-fələh» (Nicat tapmağa tələsin!) dedikdə «Lə həulə və lə quvvətə illə billəh» (Qüdrət və güc yalnız Allahındır) ifadəsi deyilir.
Abdullah ibn Amr (Allah ondan və atasından razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdi: “Əgər müəzzini eşidirsinizsə onun dediklərini təkrarlayın” (Müslim: 385). Ömər bin əl-Xəttabdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: “Əgər müəzzin «Allahu Əkbər», «Allahu Əkbər» dedikdə sizdən biri də səmimi qəlbdən «Allahu Əkbər», «Allahu Əkbər» desə, sonra «Əşhədu əllə iləhə illəllah» dedikdə o da «Əşhədu əllə iləhə illəllah» desə, sonra «Əşhədu ənnə Muhəmmədən Rasulullah» dedikdə o da «Əşhədu ənnə Muhəmmədən Rasulullah»
desə, sonra «Həyyə aləs-saləh» dedikdə o da «Lə həulə və lə quvvətə illə billəh» desə, sonra «Həyyə alal-fələh» dedikdə o da «Lə həulə və lə quvvətə illə billəh» desə, sonra «Allahu Əkbər», «Allahu Əkbər» dedikdə o da «Allahu Əkbər», «Allahu Əkbər» desə, sonra «Lə iləhə illəllah» dedikdə o da «Lə iləhə illəllah» desə cənnətə girər” (Müslim 385).
Fəcr azanında isə müəzzin «Əs-salətu xeyrum-minən-nəum» (Namaz yuxudan xeyirlidir) dedikdə eyni sözlər təkrarlanır.
İki şəhadətdən sonra zikr etmək.
Müəzzin ikinci «Əşhədu ənnə Muhəmmədən Rasulullah» ifadəsini dedikdən sonra Sa`d ibn Əbu Vəqqasdan (Allah ondan razı olsun) rəvayət olunan zikri demək sünnədir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: “Kim ki, müəzzini eşitdikdə «Əşhədu əllə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu və ənnə Muhəmmədən abduhu və rasuluhu, radıtu billəhi Rabbən və bi Muhəmmədin rasulən və bil-isləmi dinən” deyərsə keçmiş günahları bağışlanar” (Muslim: 386).
Azandan sonra Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat demək.
Abdullah ibn Amr (Allah ondan və atasından razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Azanı eşidərkən müəzzinin dediklərini təkrar edin. Sonra isə mənə salavat gətirin, çünki sizdən biriniz mənə bir salavat gətirsə, Uca Allah da ona on salavat gətirər. Sonra Allahdan mənim üçün vasitəçilik haqqı istəyin, çünki o Cənnətdə yalnız Allahın bəndələrindən birinə verilən bir məqamdır. Mən də Allahdan həmən bəndə olmağımı istəyirəm. Kim mənim vasitəçiliyimi diləyərsə şəfaətim ona çatar” (Müslim: 384).
Bu məqamda ən üstün salavatı – İbrahim salavatını qeyd etməyimiz yerinə düşər: «Allahummə salli alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə salleytə alə İbrahimə və alə ali İbrahim, innəkə həmidun məcid. Allahummə barik alə Muhəmmədin və alə ali Muhəmməd, kəmə barəktə alə İbrahimə və alə ali İbrahim, innəkə həmidun məcid» (Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə xeyir ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən! Allahım! İbrahimə və İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə xeyir ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən!)
Azandan sonra dua etmək.
Cabir ibn Abdullah rəvayət edir ki, o, Allahın elçisinin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdi: “Hər kim azanı eşitdikdə “Allahummə Rabbə həzihid-dəvətit-təmmə vəs-salətil qaimə əti Muhəmmədən əlvəsilətə vəl-fadılətə, vəbashu məqamən məhmudənilləzi vaadtəhu” (Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən məqama çatdır!) – desə mənim şəfaətimə qovuşar” (əl-Buxari: 614).
Azan və iqamə arasında dua etmək.
Abdullah ibn Amrdan (Allah ondan və atasından razı olsun) rəvayət edilir ki, bir kişi dedi: “Ey Allahın elşisi, müəzzinlər fəzilətdə bizi üstələdilər!” Allahın elçisi buyurdu: “Onların dediyini təkrar edib (Allahdan) istə və bitirdikdən sonra dua et ki, sənə də (həmin savab) verilsin” (Əbu Davud: 524; İbn Həcər hədisi həsənləşdirib: Nətəicul-əfkar kitabı, 1/367; Şeyx əl-Albani: «Sahihul-kəlimit-tayyib», səh.73).
Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Azan və iqamə arasında edilən dua cavabsız qalmaz” (ən-Nəsai: 9895; İbn Xuzeymə səhihləşdirib: 1/221/425).
Əlaqə saxla
Bizimlə
Hər vaxtı sizin sullarınızı cavablandırmağa hazırıq