Zöhr namazından əvvəl və sonra sünnə namazları qılmaq.
Yuxarıdakı bölümlərdə ‘‘ratibə’’ sünnələri haqda qısa olaraq məlumat verdikdə bildirdik ki, zöhrdən əvvəl dörd, sonra iki rükət sünnə namazı qılınır. Bu əməllər Aişə və Ummu Həbibənin (Allah onlardan razı olsun) rəvayət etdiyi hədislərdə öz əksini tapmışdır.
Ummu Həbibə (Allah ondan razı olsun) rəvayət edir ki, o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdi: “Kim gün ərzində fərz namazlarından savayı on iki rükət namaz qılarsa ona cənnətdə ev tikilər” (Müslim: 728). İmam Tirmizinin əlavəsində isə deyilir: “Dörd rükət zöhrdən əvvəl, iki rükət ondan sonra, iki rükət məğribdən sonra, iki rükət işadan sonra və iki rükət fəcrdən əvvəl…” (ət-Tirmizi: 415; Hədis «həsən səhihdir»).
Zöhr namazının ilk rükətini uzatmaq.
Rəvayət edilir ki, Əbu Səid Xudridən (Allah ondan razı olsun) demişdir: Zöhr namazına iqamə verilərdi və kimsə Bəqiyə ehtiyacını ödəməyə gedərdi, sonra dəstəmaz alıb gəldikdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) hələ də ilk rükətdə olardı” (Müslim: 454).
İstər camaat namazını qıldıran imamın, istər fərdi halda namaz qılan şəxsin, istərsə də qadının zöhr namazında ilk rükəti uzun tutması sünnədir. Bu əməl unudulmuş sünnələrdəndir. Uca Allahdan sünnəni layiqincə yerinə yetirməyi və ona həris olmağımızı diləyirik!
Bərk istilər düşdükdə zöhr namazını hava bir az sərinləyənədək təxirə salmaq.
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Hava bərk istiləşdikdə sərin
düşənədək namazı təxirə salın, çünki istilərin artması Cəhənnəmin nəfəs almasına (yəni şiddətlənməsinə, alışıb-yanmasına) görədir” (əl-Buxari: 533, 534; Müslim: 615).
Şeyximiz İbn Useymin (Allah ona rəhmət etsin) demişdir: ‘‘Əgər təxmin etsək ki, zöhr namazı saat on ikidə – gün batmağa meyl etdiyi vaxt daxil olur, əsr namazı isə təqribən saat dördün yarısı daxil olur, o halda havanın sərinləşməsi saat dörd radələrinə düşür’’ (Bax: «əl-Mumti, 2/104»).
Az öncə qeyd etdiyimiz hədisə əsasən sərinlər düşənədək namazı təxirə salmaq həm tək, həm də camaatla namaz qılana, habelə qadınlara da aiddir. Şeyximiz İbn Useymin də (Allah ona rəhmət etsin) bu rəyə üstünlük vermişdir.
Əlaqə saxla
Bizimlə
Hər vaxtı sizin sullarınızı cavablandırmağa hazırıq