Ayaqyoluna girdikdə və oradan çıxdıqda edilən zikrlər
Ayaqyoluna girərkən oxunan zikr:
Ənəsdən (Allah ondan razı olsun) rəvayət edilir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) ayaqyoluna daxil olduğu zaman belə deyərdi: «Allahummə inni ə`uzu bikə minəl-xubsi (və ya xubusi) vəlxabais» (Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram!) (əl-Buxari: 6322; Müslim: 375).
Ayaqyolundan çıxarkən oxunan zikr:
Aişə (Allah ondan razı olsun) rəvayət etmişdir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) ayaqyolundan çıxdıqda belə deyərdi: «Ğufranəkə» (Məni bağışla!) (Əhməd: 25220; Əbu Davud: 30; ət-Tirmizi: 7; əl-Albani hədisi ‘‘səhih’’ hesab etmişdir: «Təhqiqu Muşkətil-Məsabih», 1/116).
Vəsiyyət yazmaq.
Sağlam və ya xəstə olan hər bir müsəlman üçün vəsiyyət yazmaq sünnədir. Rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: “Nə isə vəsiyyət etmək istəyən müsəlmanın, iki gün keçməmiş vəsiyyətinin yazılıb hazır olmaması ona yaraşmaz” (əl-Buxari: 2783; Müslim: 1626). Hədisdə keçən ‘‘iki gün keçməmiş’’ ifadəsi qısa zaman müddətinə dəlalət etməkdədir. Çünki insanın nə zaman dünyasını dəyişəcəyi ona məlum deyildir.
Lakin zəkat, həcc, kəffarə kimi Allahın haqqı olan vəsiyyət növü, habelə, borc, əmanətin qaytarılması kimi insanların haqqı olan vəsiyyət növləri sünnə deyil, vacibdir.
Alış-verişdə mülayim və alicənab olmaq.
Hər bir satıcı və müştəri alış-veriş etdikdə mülayimlik və alicənablıq keyfiyyətlərini özündən əskik etməməlidir. Habelə qiymət danışığında sərtlik göstərməməli və mübahisəyə yol verməməlidir.
Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Satanda, alanda və haqqını tələb edəndə mülayim olan kimsəyə Allah mərhəmət etsin!” (əl-Buxari: 2076).
Həmçinin haqqını tələb edən kəs də bunu mülayim və alicənablıqla etməlidir.
Hər dəfə dəstəmaz aldıqdan sonra iki rükət namaz qılmaq.
Gündəlik sünnələrdən olan bu əməl sahibi Cənnətə daxil olmaq kimi böyük fəzilətə sahibdir. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) sübh namazından sonra Bilala (Allah ondan razı olsun) dedi: “Ey Bilal, İslamda (könüllü etdiyin) ən gözəl əməl haqqında mənə xəbər ver. Çünki mən sənin səndəllərinin taqqıltısını Cənnətdə eşitdim.” Bilal dedi: “Mənim (könüllü) etdiyim əməl odur ki, istər gecə, istərsə də gündüz vaxtı hər dəfə dəstəmaz aldıqdan sonra həmin dəstəmazla qədərimə yazılan sayda namaz qılıram” (əl-Buxari: 1149; Müslim: 2458).
Namazı gözləmək.
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Namaz sizdən birinizi evdəkilərinin yanına dönməkdən saxladığı müddətdə, o, namazda olmuş kimi sayılır” (əl-Buxari: 659; Müslim: 649).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: “Sizdən biriniz namaz qılıb növbəti namazı gözləyərsə, dəstəmazı pozulmadığı müddətcə mələklər onun üçün dua edib deyərlər: ‘‘Allahım, onu bağışla! Allahım, ona rəhm et! Namaz sizdən birinizi evdəkilərinin yanına dönməkdən saxladığı müddətdə, o, namazda olmuş kimi sayılır” (əl-Buxari: 659; Müslim: 649).
Müslimin rəvayətində isə deyilir: “…(kiməsə) əziyyət vermədikcə, dəstəmazı pozulmadıqca...” (Müslim: 649). Yəni bu savaba nail olmağın şərti olduğun məkanda kiməsə əziyyət verməmək və dəstəmazlı halda qalmaqdır.
Misvakdan istifadə etmək.
Misvakdan istifadə hər bir zaman edilən sünnə əməllərdəndir. Hətta Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu əmələ tez-tez təşviq edərək demişdir: “Mən misvaka dair sizə dəfələrlə nəsihət etmişəm” (əl-Buxari: 888). Ənəsdən (Allah ondan razı olsun) rəvayət olunan başqa bir hədisdə isə deyilir: “Misvak ağzın təmizliyi, Rəbbin razılığıdır” (Əhməd: 7; ən-Nəsai: 5; əl-Albani hədisi ‘‘səhih’’ hesab etmişdir: «əl-İrva», 1/105).
Hər namaz üçün dəstəmaz almaq.
Pozulmasa belə hər namaz üçün dəstəmazı təzələmək sünnə əməllərdəndir. Məsələn, bir kəs dəstəmaz alıb məğrib namazını qılarsa, sonra işa namazının vaxtı girdikdə yenidən dəstəmaz alması sünnədir.
Ənəsdən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə deyilir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər namazdan əvvəl dəstəmaz alardı” (əl-Buxari: 214).
Habelə müsəlmanın gün ərzində daim dəstəmazlı olması da sünnədir. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: “Yalnız mömin kəs daim dəstəmazlı olar” (Əhməd: 22434; İbn Macə: 277; əd-Darimi: 655; əl-Albani hədisi ‘‘səhih’’ hesab etmişdir: «Sahihul-Cami», 1/225).
Əlaqə saxla
Bizimlə
Hər vaxtı sizin sullarınızı cavablandırmağa hazırıq